Səyyar vətəndaş qəbulları davam etdirilir-oktyabr 2026
22 oktyabr 2026 | 18:27
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Laza kəndində keçirilib. Səyyar qəbulda kənd sakinləri ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri, müvafiq idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə və infrastruktur layihələrinə, eləcə də yerlərdə mütəmadi olaraq vətəndaşlarla görüşlərin təşkilinə görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, əhaliyə tibbi xidmətin göstərilməsi üçün tibb məntəqəsinin yaradılmasına, baytarlıq xidmətinin təşkili və mal-qaranın təhlükəsiz hərəkətini təmin edəcək köç yolunun ayrılmasına ehtiyac olduğunu vurğulayıblar. Sakinlər, həmçinin fərdi torpaq sahəsinin ayrılması, məktəb yaşlı uşaqların qonşu kənddə yerləşən təhsil müəssisəsinə gediş-gəlişinin təmin edilməsi məqsədilə marşrutun təşkil olunması ilə bağlı müraciətlərini səsləndirərək qeyd olunan məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və icra başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.






