Sosial həssas əhali qrupları hərtərəfli dövlət qayğısı ilə əhatə olunub
20 dekabr 2025 | 20:11
Dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü sosial siyasətə uyğun olaraq, bütün ölkə ərazisində olduğu kimi Qusar rayonunda da şəhid ailələri, qazilər, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı və ehtiyaclarının daim diqqət mərkəzində saxlanılması əsas prioritetlərdən biridir. Bu kateqoriyadan olan vətəndaşların, o cümlədən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsi və onlara hərtərəfli dəstəyin göstərilməsi istiqamətində rayonda mütəmadi tədbirlər həyata keçirilir.
Dekabrın 20-də (şənbə günü) Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Həsənqala kəndində Vətən müharibəsi şəhidi İsmayılov Orxan Qədim oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhid ailəsinin sosial-məişət şəraiti ilə yaxından tanış olan icra başçısı şəhidin ailə üzvlərinin gündəlik qayğı və ehtiyacları, mövcud problemləri, şəhidin yataq xəstəsi olan atası Qədim İsmayılovun səhhəti və müalicə prosesi ilə maraqlanmış, onları narahat edən məsələləri diqqətlə dinləmişdir. Səmimi söhbət zamanı Sahir Məmmədxanov şəhidlərimizin qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağını, onların xatirəsinin hər zaman uca tutulacağını xüsusi vurğulamış, şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini qeyd etmişdir.
Daha sonra rayonun Atlıxan kəndində Vətən müharibəsi qazisi İlkin Abuyev və ailəsini ziyarət edən
icra başçısı qazi İlkin Abuyevin sağlamlıq vəziyyəti və ailəsinin sosial təminatı ilə maraqlanmışdır. Qazinin mövcud problem və təklifləri dinlənilmişdir.
Ardınca rayon rəhbəri Əvəcük kəndində 7 uşaqlı, aztəminatlı ailə – Abbasov Babək Şirzad oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı ailənin sosial vəziyyəti, yaşayış şəraiti və çoxuşaqlı ailə kimi üzləşdiyi çətinliklər yerində öyrənilmişdir. Ailənin övladlarına geyim yardımı göstərilmiş və ailənin yaşayış evinin təmirinə müvafiq köməklik göstərilmişdir.
Ziyarət edilən hər üç ailə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, onlara göstərilən dəstəyi yüksək qiymətləndirmiş, Qusar Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini ifadə etmişlər.
Həmçinin rayonun Bədişqala kəndində yerləşən, 12 fərdi yaşayış evindən ibarət olan məhəllədə aparılan qazlaşdırma işlərinə də baxış keçirilmişdir. Məhəllədəki 12 evdən 9-u təbii qaz ilə təmin olunmuşdur və hazırda həmin ailələr qazdan istifadə edirlər. Qeyd edilmişdir ki, qazlaşdırma işləri mərhələli şəkildə davam etdiriləcək və qalan evlərin də təbii qazla təmin olunması nəzərdə tutulur.






