Statistika işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir
17 oktyabr 2025 | 22:18
Oktyabrın 16-da Qusar Rayon Statistika İdarəsində "Ümumdünya Statistika Günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, Rayon Statistika İdarəsinin rəhbərliyi və kollektivi, həmçinin rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin nümayəndələri iştirak etmişlər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Dövlət Statistika Komitəsinin rəhbərliyini və kollektivini, həmçinin Qusar Rayon Statistika İdarəsinin əməkdaşlarını Ümumdünya Statistika Günü münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
İcra başçısı çıxışı zamanı qeyd etmişdir ki, statistika dövlət idarəçiliyinin ayrılmaz və strateji istiqamətlərindən biridir. Etibarlı və sistemli statistik məlumatlar dövlət siyasətinin planlaşdırılması, sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qərarların qəbul edilməsi və resursların səmərəli bölüşdürülməsi baxımından əsas baza rolunu oynayır. İcra başçısı, həmçinin, statistikanın təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə rolu barədə danışaraq, bu sahədə əldə edilən dəqiq göstəricilərin dövlətin hərtərəfli inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir.
İcra başçısı həmçinin rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinə tapşırıq verərək, ərazi səviyyəsində sosial-iqtisadi göstəricilərin toplanması və təhlili istiqamətində Qusar Rayon Statistika İdarəsi ilə sıx əməkdaşlığın təmin edilməsinin vacibliyini vurğulamışdır. Qeyd edilib ki, yerli icra nümayəndəlikləri tərəfindən təqdim olunan dəqiq statistik məlumatlar rayonun inkişaf göstəricilərinin düzgün qiymətləndirilməsinə mühüm töhfə verir.
Sonda Rayon Statistika İdarəsinin rəhbərliyi onlara göstərilən diqqət və dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.






