Su ehtiyyatlarından məişətdə və kənd təsərrüfatında qənaətlə istifadə məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir
Aprel ayının 12-də Qusar rayon İcra Hakimiyyətinin iclas zalında “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın müvafiq qərarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azərsu” ASC-nin və rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə “sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə rayonun aqrar və içməli su təminatı sahələrinə xidmət göstərən müəssisələrin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, “Sudan İstifadəedənlər Birlikləri”nin rəhbərləri və sahibkarlar iştirak etmişdir.
Müşavirədə dünyada və o cümlədən Azərbaycanda son illərdə su mənbələrində azalmaların müşahidə olunduğu, ona görə də sudan qənaətlə və səmərəli istifadə edilməsinin vacibliyi barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Müşavirədə son illərdə Qusar rayonunda da suvarma mövsümündə su çatışmazlığı probleminin yaşandığı, ona görə də mövcud sudan qənaətlə və səmərəli istifadə edilməsi üçün rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2023-cü il tarixli 18 nömrəli sərəncamı ilə 2021-ci ildə yaradılmış “Operativ Qərargah” tərkibində dəyişikliklər edilməklə yenidən təşkil edildiyi bildirilmişdir. Sərəncamla yerlərdə suyun qrafik əsasında, növbəlilik qaydasında ədalətli bölgüsünün aparılması, gecə suvarmanın təşkil edilməsi və digər məsələlərin həlli məqsədilə yerli komissiyaların təşkil edilməsi, sudan qanunsuz istifadə hallarına qarşı nəzarət tədbirlərin artırılması, kanal və arxların təmizlənməsi və qanunsuz müdaxilələrin aradan qaldırılması ilə bağlı əlaqədar qurumlara müvafiq tapşırıqlar verildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.