Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyəti müzakirə edilib

05 iyun 2026 | 18:16
Aqrar sektorun dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin təminatı birbaşa su ehtiyatlarının səmərəli idarə olunması ilə bağlıdır. Bu baxımdan rayon ərazisində suvarma mövsümündə əkin sahələrinin su ilə təminatı və su itkilərinin minimuma endirilməsi diqqətdə saxlanılır.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticələrinin dəyərləndirilməsi, mövcud problemlərin vaxtında aşkarlanaraq aradan qaldırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə iyunun 4-də Qusar Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzovun, rayon ərazisində fəaliyyət göstərən Sudan İstifadəedənlər Birliklərinin (SİB) sədrləri, icraçı direktorları, RİH Başçısı Aparatının digər məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərlərinin və onlayn qaydada inzibati ərazi dairəsi üzrə icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə geniştərkibli iclas keçirilmişdir.
İclası giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, görüşün əsas məqsədi suvarma mövsümünün gedişatını təhlil etmək, mövcud çətinlikləri müəyyənləşdirmək və qarşıda duran vəzifələrin icrası üçün konkret addımlar müəyyən etməkdir. Şahid Fərəməzov qeyd edib ki, kənd təsərrüfatı istehsalının fasiləsiz təşkili üçün suvarma arxlarının vaxtında lildən təmizlənməsi, su itkilərinin qarşısının alınması və su istifadəçiləri ilə müqavilələrin bağlanması vacibdir. Bununla yanaşı, yay mövsümündə artan yanğın təhlükəsinə qarşı zəruri tədbirlərin görülməsi və magistral neft-qaz kəmərləri keçən ərazilərdə aparılan kənd təsərrüfatı işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının zəruriliyi xüsusi vurğulanıb.
İclasda Sudan İstifadəedənlər Birlikləri tərəfindən su istifadəçiləri ilə müqavilələrin bağlanması və müvafiq bildirişlərin paylanması məsələləri geniş müzakirə olunub. Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İkram Tumarxanov, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev tərəfindən rayon üzrə bir çox birliklərdə müqavilə bağlanma faizinin, vəsaitlərin yığımının hələ də tələb olunan səviyyədə olmadığı qeyd edilib. Kreditor və debitor borclarının mövcudluğu, eləcə də SİB-lərin özlərinin Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə olan ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməməsi qeyri-qənaətbəxş qiymətləndirilib və bu sahədə intizamın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Müzakirələr zamanı cari ildə müşahidə olunan intensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən və icrası nəzərdə tutulan işlər də diqqət mərkəzində olub.
İclasda bələdiyyələrin əmlak və torpaq vergilərinin ödənilməsi üçün vətəndaşlara bildirişlərin vaxtında çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, maliyyə intizamının gücləndirilməsi və yerli büdcə daxilolmalarının artırılması üçün bələdiyyələr, ərazi icra nümayəndəlikləri və SİB rəhbərləri arasında operativ əməkdaşlıq təmin edilməlidir.
Keçidlər