“Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
18 sentyabr 2026 | 18:21
21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir. Maarifləndirmə tədbirlərinin müxtəlif sosial qrupları əhatə etməsi sülh dəyərlərinin cəmiyyətin bütün təbəqələri arasında təşviqinə və bu istiqamətdə ictimai məsuliyyətin artırılmasına xidmət edir.
Sentyabrın 17-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qusar şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində “Sülh aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları Kamran Sədullayev və Asya Bayramova, məktəbin direktoru Günel Hacıyeva və məktəbin müəllimi Rima Cavadova çıxış ediblər. Çıxışlarda sülhün yalnız münaqişələrin və qarşıdurmaların qarşısının alınması ilə məhdudlaşmadığı, insanların bir-birinə hörmətlə yanaşdığı, fərqli fikir və mövqelərin qarşılıqlı anlaşma şəraitində qəbul edildiyi sağlam ictimai münasibətlər sistemini də özündə ehtiva etdiyi bildirilib. Qeyd olunub ki, belə bir mühitin formalaşmasında təhsil müəssisələrinin, xüsusilə də gənc nəslin sülh və humanizm dəyərlərinə bağlı ruhda yetişdirilməsinin mühüm rolu vardır. Tədbirin gedişatında şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
“Sülh aylığı” çərçivəsində növbəti tədbir Qusar Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, həkim-onkoloq Alina Kazımova çıxış ediblər. Çıxışlarda sülh və sabitliyin insanların həyat və sağlamlığının qorunması, cəmiyyətin ümumi rifahı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, insan həyatına və sağlamlığına verilən dəyər, sosial həmrəylik cəmiyyətdə sülh mədəniyyətinin möhkəmlənməsinin mühüm tərkib hissələrindəndir. Tədbirdə sülhün qorunmasının və cəmiyyətdə anlaşma mühitinin möhkəmləndirilməsinin yalnız ayrı-ayrı qurumların deyil, hər bir şəxsin üzərinə düşən məsuliyyət olduğu qeyd edilib. Bu baxımdan, müxtəlif sahələrdə çalışan insanların və ictimaiyyət nümayəndələrinin sülh dəyərlərinin təşviqinə yönəlmiş təşəbbüslərdə fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.
Sülh, qarşılıqlı hörmət və anlaşma kimi ümumbəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğinə, bu istiqamətdə maarifləndirmənin gücləndirilməsinə və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.






