"Sülh aylığı" çərçivəsində silsilə tədbirlər davam etdirilir
16 sentyabr 2026 | 16:23
Sentyabrın 15-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mədəniyyət Mərkəzində 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Sülhün səsi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sülhün bəşəriyyət üçün əhəmiyyətinin diqqətə çatdırılması, cəmiyyətdə sülh və həmrəylik ideyalarının təşviqi, insanlar və xalqlar arasında qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə vermək olub.
Tədbirdə çıxış edən natiqlər sülhün cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, sülh yalnız müharibə və silahlı münaqişələrin qarşısının alınması ilə məhdudlaşmır. Eyni zamanda, insanların təhlükəsiz şəraitdə yaşaması, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın formalaşması, sosial rifahın və dayanıqlı inkişafın təmin olunması üçün mühüm əsasdır.
Çıxışlarda dünyada sülhün və sabitliyin qorunmasının, fikir və mövqelərdən asılı olmayaraq qarşılıqlı hörmət və dialoq mühitinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, sülh mədəniyyətinin cəmiyyətdə möhkəmləndirilməsi, xüsusilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi gələcək nəsillərin daha təhlükəsiz və firavan mühitdə yetişməsinə mühüm töhfə verir. Həmçinin qeyd olunub ki, “Sülh aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirlər sülh və tolerantlıq dəyərlərinin təbliğinə, cəmiyyətdə həmrəylik, qarşılıqlı anlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.
Tədbir mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.






