Suvacal kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib
12 noyabr 2026 | 18:03
Noyabrın 12-də Qusar rayonunun Suvacal kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib.
Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan görüşlər gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsi, şagirdlərin Vətən müharibəsinin tarixi, Zəfərimizin əldə olunmasında xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı barədə biliklərinin genişləndirilməsi məqsədi daşıyır. Bu baxımdan, qazilərlə keçirilən görüşlər məktəblilərin Vətənə xidmətin mahiyyətini daha dərindən dərk etməsi, qəhrəmanlıq və fədakarlıq nümunələrini canlı şahidlərin dilindən öyrənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görüş zamanı qazilər 44 günlük Vətən müharibəsinin başlanma səbəbləri, döyüş əməliyyatlarının gedişi, cəbhə xəttində Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi igidlik və əzmkarlıq, eləcə də arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəylik barədə şagirdlərlə fikirlərini bölüşüblər. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və ordumuzun vahid amal ətrafında birləşməsi, hərbçilərimizin yüksək döyüş ruhu və qəhrəmanlığı tarixi Zəfərin əldə olunmasında həlledici rol oynayıb.
İnteraktiv müzakirə şəraitində davam edən görüşdə şagirdlər qazilərin döyüş yolu, müharibə dövründə yaşanan hadisələr və Vətən müharibəsinin tarixi əhəmiyyəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıb, ətraflı cavablar alıblar. Məktəblilər şəhidlərimizin və qazilərimizin Vətən qarşısındakı xidmətlərinin, göstərdikləri şücaət və fədakarlığın onlar üçün daim örnək olduğunu vurğulayaraq, bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillər tərəfindən də yaşadılmasının vacibliyini qeyd ediblər.
Görüşdə məktəbin hərbi rəhbəri Günay Nüsrəddin qızı Əskərovaya şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə fəxri fərman təqdim olunub.
Sonda qazilər gənclərə müraciət edərək, onların üzərinə düşən əsas vəzifələrdən birinin keyfiyyətli təhsil almaq, bilik və bacarıqlarını daim inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizə sadiq qalmaq və gələcəkdə Vətənə layiqli vətəndaşlar kimi yetişmək olduğunu diqqətə çatdırıblar. Onlar şagirdlərə təhsildə uğurlar arzulayaraq, Vətənə xidmətin yalnız hərbi sahə ilə məhdudlaşmadığını, hər bir gəncin öz bilik və fəaliyyəti ilə ölkəmizin inkişafına töhfə verə biləcəyini vurğulayıblar.






