“Talassemiyasız həyat naminə”: Qusarda könüllü qanvermə aksiyası keçirilib
23 aprel 2026 | 17:22
Azərbaycanda əhalinin genefondunun qorunması, xüsusilə irsi qan xəstəliklərinin erkən aşkarlanması, profilaktikası və müalicəsi sahəsində ən mühüm humanitar layihələrdən biri Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən uğurla icra etdiyi “Talassemiyasız həyat naminə” proqramıdır. Proqram çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən mütəmadi olaraq paytaxtda və regionlarda könüllü qanvermə aksiyaları təşkil edilir. Bu aksiyaların əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentləri dayanıqlı qan ehtiyatı ilə təmin etməkdir.
Növbəti belə humanitar təşəbbüs 2026-cı il aprelin 23-də Qusar Rayon Mərkəzi Xəstəxanasında baş tutmuşdur. Respublika Qan Bankı, Qusar Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutan qanvermə aksiyası rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Aksiyada Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Rayon Mərkəzi Xəstəxanasının, digər idarə və müəssisələrin əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri olmaqla 91 nəfər donor olmuşdur. Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Qan Bankına göndərilərək talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.






