Təbiəti qoruyaq, yaşıllıqları artıraq!
24 dekabr 2024 | 20:55
Son illərdə respublikamızda təbiətin mühafizəsi məsələsinə çox böyük diqqət yetiirilir. Bu sahədə irimiqyaslı işlər görülür. Respublikamızın 2030-cu ilə qədər 5 milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması istiqamətində tədbirlər geniş vüsət alıb.
Qusar rayonunda da mütəmadi olaraq ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə vermək məqsədilə ağacəkmə işləri həyata keçirilir, təmizlik-abadlıq işləri aparılır.
Dekabrın 24-də Qusar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Hüquq Mühafizə Orqanlarının rəhbərlərinin iştirakı ilə baş tutmuş aksiya çərçivəsində Qusar rayonunun meşə fonduna aid torpaqlarda yerli iqlim şəraitinə uyğun olan fısdıq, vələs, ağcaqayın, göyrüş ağacları olmaqla 1600 ədəd ağac tingi əkilib.
Bundan sonra da mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan bu cür aksiyaların təşkili ətraf mühitin mühafizəsinin vacibliyini insanların diqqətinə çatdırmağa və onları ekoloji problemlərə qarşı mübarizədə səfərbər olmağa səsləməyə xidmət edir.