Təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir
04 mart 2026 | 10:18
Təhsil müəssisələrində təhsilalanlar arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması məqsədilə həyata keçirilən tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə növbəti maarifləndirici tədbir martın 3-də Qusar Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Hil kənd tam orta məktəbində təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında narkomaniyanın fəsadları, onun cəmiyyət və insan sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, habelə dini radikalizm meyillərinin doğura biləcəyi hüquqi, sosial və mənəvi nəticələr barədə maarifləndirmə işinin aparılması olmuşdur. Çıxış edən prokurorluq əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin cinayət məsuliyyəti yaratdığını, bu halların qarşısının alınmasının hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, narkomaniya təkcə fərdin sağlamlığına deyil, eyni zamanda ailə institutuna, ictimai sabitliyə və milli təhlükəsizliyə ciddi zərbə vurur.
Eyni zamanda, dini radikalizm və ekstremizm meyillərinin cəmiyyət üçün yaratdığı təhlükələr, eləcə də bu kimi hallara qarşı mübarizədə dövlət orqanlarının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verilmiş, dini dəyərlərdən sui-istifadə hallarının, radikal çağırışlar və qanunazidd fəaliyyətlərin hüquqi məsuliyyət doğurduğu diqqətə çatdırılmışdır. Gənclərin sağlam düşüncəli vətəndaşlar kimi, milli-mənəvi dəyərlərə və qanunlara hörmət ruhunda formalaşmasının vacibliyi xüsusi vurğulanmışdır.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzular üzrə praktik nümunələr və real həyat faktları əsasında izahlar verilmişdir. Qeyd olunmuşdur ki, bu qəbildən olan maarifləndirici tədbirlər mütəmadi xarakter daşıyır və gələcəkdə də rayonun digər təhsil müəssisələrində davam etdirilməsi nəzərdə tutulur. Məqsəd yeniyetmələrin hüquqi biliklərinin artırılması, onların zərərli təsirlərdən qorunması, sağlam həyat tərzinin təbliği və onların cəmiyyətə faydalı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verməkdir.






