Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təsərrüfatların suvarma suyu ilə təminatı vəziyyəti müzakirə olunub

27 avqust 2026 | 18:24
 
Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən Sudan İstifadəedənlər Birlikləri (SİB) tərəfindən təsərrüfatların suvarma suyu ilə təminatı vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniştərkibli iclas keçirilib. İclasda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbə və sektor rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Sudan İstifadəedənlər Birliklərinin sədrləri və icraçı direktorları, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, RİHB Aparatının digər məsul əməkdaşları, bələdiyyə sədrləri və onlayn formatda inzibati ərazi dairələri üzrə icra nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov gündəlikdə duran məsələlər barədə məlumat verərək bildirib ki, görüşün əsas məqsədi təsərrüfatların suvarma suyu ilə təminatı vəziyyətini hərtərəfli təhlil etmək, mövcud problemləri və çətinlikləri müəyyənləşdirmək, onların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyən etməkdir. Qeyd olunub ki, kənd təsərrüfatı istehsalının davamlı və fasiləsiz təşkili, əkin sahələrinin vaxtında suvarılması və su ehtiyatlarından səmərəli istifadə olunması baxımından Sudan İstifadəedənlər Birliklərinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan suvarma arxlarının vaxtında təmizlənməsi, su itkilərinin qarşısının alınması, mövcud su ehtiyatlarından qənaətlə istifadə edilməsi, eləcə də suvarma suyunun istifadəçilər arasında ədalətli şəkildə bölüşdürülməsinin vacibliyi vurğulanıb.
İclasda 2026-cı ilin ilk 7 ayı ərzində SİB-lərin fəaliyyəti ilə bağlı mövcud göstəricilər də təhlil olunub. Bildirilib ki, havaların əsasən yağıntılı keçməsi suvarma suyuna olan tələbatın azalmasına səbəb olub. Bu baxımdan su istifadəçilərinin sayı dəyişməsə də, əvvəlki dövrlə müqayisədə həm alınan, həm də istifadəçilərə verilən suyun həcmində azalma müşahidə edilib. Bununla yanaşı, SİB-lər tərəfindən yığılan vəsaitin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 min manat artması müsbət göstərici kimi dəyərləndirilib.
Müzakirə olunan məsələlər sırasında su istifadəçiləri ilə müqavilələrin bağlanması və onlara müvafiq bildirişlərin vaxtında çatdırılması, SİB-lərin debitor, kreditor və əməkhaqqı üzrə borclarının mövcud vəziyyəti ilə bağlı məsələlər yer alıb. Bildirilib ki, SİB-lərin fəaliyyətində mövcud olan əsas problemlər sudan istifadə edən şəxslərin dəqiq uçotunun aparılmaması, istifadəçilərlə müqavilə münasibətlərinin tam və düzgün qurulmaması, eləcə də ödənişlərin vaxtında həyata keçirilməməsidir. Xüsusilə SİB-lərin ərazilərində fəaliyyət göstərən iri təsərrüfatların, eləcə də vətəndaşların həyətyanı və pay torpaqlarının suvarılması üçün istifadə etdikləri suyun düzgün uçotunun aparılmasının vacibliyi qeyd olunub.
Rayonda fəaliyyət göstərən 5 SİB üzrə su istifadəçilərinin ödəniş səviyyəsi də təhlil olunub. Bildirilib ki, cari ilin 7 ayı ərzində Qusar-Şahdağ SİB-də ödənilməli məbləğin 5,7 %-i, Şirvanlı SİB-də 51.4 %-i, Qusarçay SİB-də 23,2 %-i, Gövdişan SİB-də 56.8 %-i, İmamqulukənd SİB-də isə 54.7 %-i ödənilib. Rayon üzrə ümumi ödəniş səviyyəsinin 38.2 % təşkil etdiyi diqqətə çatdırılıb. Cari ilin 7 ayı ərzində istifadə olunan suvarma suyuna görə ödənişlər əvvəlki illə müqayisədə Qusar Şahdağ SİB üzrə 0.5 min manat, Qusarçay SİB üzrə 6.5 min manat, İmamqulukənd SİB üzrə 2.8 min manat az, Gövdişan SİB üzrə 4.6 min manat, Şirvanlı SİB üzrə 10.6 min manat çox olmuşdur.
İclasda Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İkram Tumarxanov, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bu sahədə mövcud problemlər, vəsaitlərin yığımı vəziyyəti ilə bağlı məlumat veriblər. Müzakirələr zamanı ödəniş səviyyəsinin artırılması, mövcud borcların yığılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə su istifadəçiləri ilə məqsədyönlü maarifləndirmə işinin aparılması, onların öhdəlikləri barədə vaxtında məlumatlandırılması, bildirişlərin operativ şəkildə çatdırılması, həmçinin iri təsərrüfatlarla borcların ödənilməsi istiqamətində fərdi işin aparılması tövsiyə olunub.
Keçidlər