Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Tibb təhsili üzrə qeyri-rəsmi kursların diplom və sertifikatlarının hüquqi qüvvəsi yoxdur

01 dekabr 2025 | 18:29
Son dövrlərdə bölgələrdə “tibb kursu”, “tibb bacısı hazırlığı” və digər qısa müddətli tədris proqramları adı altında fəaliyyət göstərən qeyri-rəsmi kursların fəaliyyəti genişlənməkdədir. Bu kurslar vətəndaşlara qısa zamanda tibbi ixtisaslara yiyələnmə və gələcəkdə tibb müəssisələrində işlə təmin olunma barədə əsassız vədlər verirlər. Lakin qeyd edilməlidir ki, belə kursların təqdim etdiyi “diplom” və “sertifikatlar” dövlət tərəfindən tanınmır və hüquqi qüvvəyə malik deyil.
Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, tibb sahəsində mütəxəssis kimi fəaliyyət göstərmək üçün mütləq şəkildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında uğur qazanaraq müvafiq ali və orta ixtisas təhsil müəssisələrində tibb təhsili almaq tələb olunur. Tələbə adı qazandıqdan sonra tədris proqramına uyğun nəzəri və praktiki hazırlıq mərhələlərini tamamlayaraq diplom əldə edilməlidir. Yalnız bu tələblər yerinə yetirildikdən və müvafiq qaydada sertifikasiyadan keçdikdən sonra şəxs tibb sahəsində rəsmi şəkildə çalışmaq hüququna malik olur.
Qusar Rayon İcra Hakimiyyətinə müxtəlif özəl kurslardan alınmış diplom və sertifikatlar əsasında işlə təminatla bağlı çoxsaylı vətəndaş müraciətləri daxil olmuşdur. Özəl tibbi kursları və digər qeyri-dövlət tibb müəssisələrini bitirmiş şəxslərin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaları qanunla qadağan olunduğu üçün bu müraciətlərin təmin olunması mümkün olmamışdır.
Qusar Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rəsmi qeydiyyatı və akkreditasiyası olmayan qısa müddətli tibb kurslarına etibar edilməməlidir. Vətəndaşlardan xahiş edirik ki, tibbi ixtisaslara dair tədris adı altında fəaliyyət göstərən qeyri-rəsmi qurumlara üz tutarkən ehtiyatlı olsunlar, yalnız dövlət tərəfindən tanınan təhsil müəssisələrinə müraciət etsinlər.
Keçidlər