Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Tolerantlıq ənənələri və multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar keçirilmişdir

14 noyabr 2025 | 16:54
Müasir dövrdə qloballaşma proseslərinin sürətləndiyi, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin daha da genişləndiyi bir zamanda tolerantlığın və multikultural dəyərlərin qorunması, onların gənc nəslə aşılanması xüsusi əhəmiyyət kəsb edir. Qusar rayonunda da bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilir.
Noyabrın 14-də Qusar rayonunun Həsənqala kənd tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbir Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Azərbaycan cəmiyyətinə xas olan çoxəsrlik tolerantlıq ənənələrinin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunub yaşadıldığını şagirdlərə aşılamaq, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına töhfə vermək məqsədini daşıyan seminarda Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov və digər natiqlər geniş məruzələrlə çıxış etmişlər.
Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycanın tarixi inkişaf yolunda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin və etnik qrupların dinc, birgəyaşayışı ənənəsi bu gün “Azərbaycan modeli” kimi beynəlxalq müstəvidə də nümunə göstərilməkdədir. Tolerantlıq və multikulturalizm təkcə mədəni davranış forması deyil, həm də dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının həyata keçirdiyi ardıcıl siyasət milli həmrəyliyin möhkəmlənməsinə, müxtəlif icmalar arasında qarşılıqlı etimad mühitinin gücləndirilməsinə xidmət edir.
Seminar iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılmış, şagirdlərə tolerant davranış mədəniyyəti, digər xalqların və dinlərin nümayəndələrinə hörmət, fərqli mədəniyyətlərə açıq olmağın əhəmiyyəti barədə əlavə məlumatlar verilmiş, maarifləndirici materiallar paylanmışdır.
Keçidlər