Torpaq uğrunda torpağa dönənlər unudulmur!
16 oktyabr 2024 | 08:35
Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik-böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda canlarını qurban verməkdən çəkinməyən igidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Şəhidlərimizin xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. 11 oktyabr 2024-cü ildə iki qəhrəman şəhidimizin anım mərasimi keçirilmişdir. Mərasimdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Aparatının məsul şəxsləri, şəhidlərimizin ailə üzvləri və yaxınları, qazilər iştirak ediblər. Mərasim iştirakçıları tərəfindən şəhidlərimiz Zərbəliyev Aşurəli Səfərəli oğlu və İbrahimov Tofik Polad oğlunun məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Mərasim iştirakçıları Quxuroba və Düztahir kəndlərində şəhid ailələrini ziyarət edib, ehsan süfrələrində iştirak ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Aşurəli Zərbəliyev 44 günlük Vətən müharibəsində iştirak etmiş, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olmuş Tofik İbrahimov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan II Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!