Ulu Öndər Heydər Əliyevin 1998-ci il 3 oktyabr tarixində Qusar rayonuna səfəri tarixi ilə bağlı “Unudulmaz görüş – Heydər Əliyev Qusarda” mövzusunda tədbir keçirilmişdir
03 oktyabr 2025 | 17:59
Azərbaycanın dövlətçilik tarixində mühüm rola malik olan dahi şəxsiyyət Heydər Əliyevin nümunəvi fəaliyyəti, siyasi iradəsi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət müstəqilliyimizin möhkəmlənməsi üçün möhkəm bünövrə yaradılmışdır.
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan bu xilaskarlıq missiyası eyni zamanda bölgələrin sosial-iqtisadi, mədəni inkişafında da öz əksini tapmışdır. Heydər Əliyevin xalqla birbaşa təması, regionlara etdiyi səfərlər, sadə insanlarla ünsiyyəti, onların qayğı və problemlərinə həssas yanaşması bu gün də rəğbətlə xatırlanır. Ulu Öndər Heydər Əliyevin belə səfərlərindən biri də 1998-ci ilin 3 oktyabr tarixində Azərbaycanın şimal bölgəsinin incisi olan Qusar rayonuna edilmişdir.
Bu tarixi günün yad edilməsi məqsədilə oktyabrın 2-də Qusar Rayon Heydər Əliyev Mərkəzində “Unudulmaz görüş – Heydər Əliyev Qusarda” adlı tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə ehtiram ifadə olunmuşdur. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində dahi liderin həyatı və dövlətçilik fəaliyyətini əks etdirən rəsm əsərləri, fotoşəkillər və kitablardan ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Mirzəyeva Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, milli birlik və xalqın rifahı naminə gördüyü tarixi işlərdən bəhs etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Onun əsasını qoyduğu siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.
Tədbirdə həmçinin Qusar rayonunun ictimai-mədəni həyatında fəallığı ilə seçilən Zalikə Qayıbxanova və uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərmiş Zahir Mustafayev də çıxış edərək, Ulu Öndərin Qusara gəlişi zamanı onunla canlı görüşlərindən söz açmış, o gün ilə bağlı xoş xatirələrini bölüşmüşlər.
Tədbir çərçivəsində məktəblilərin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilmiş, şagirdlər dahi liderin həyat və fəaliyyəti ilə bağlı hazırladıqları çıxışları təqdim etmişlər. Ardınca gənclərə təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir.






