Ulu Öndər Heydər Əliyevin təhsil və gənclər siyasəti Azərbaycanın gələcəyinə hesablanmış strateji inkişaf xəttinin əsasını təşkil edir
26 oktyabr 2026 | 16:33
Azərbaycanın müasir tarixinə nəzər saldıqda, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli tərəqqinin əsasında dayanan ən mühüm amilin təhsil olduğunu görürük. Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət, milli və bəşəri dəyərlərə əsaslanan təhsil strategiyası Azərbaycan təhsilinin inkişafında mühüm mərhələ təşkil edir. Bu irsin öyrənilməsi və təhsilin dövlətçilik tariximizdəki rolunun gənc nəslə çatdırılması məqsədilə Qusar rayonunun Hil kənd tam orta ümumtəhsil məktəbində “Heydər Əliyev irsi və təhsilə göstərilən qayğı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin inkişafı, milli təhsil ənənələrinin qorunması və müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət geniş müzakirə olunub. Vurğulanıb ki, Ulu Öndər təhsili dövlətin intellektual potensialının formalaşmasının, milli tərəqqinin və davamlı inkişafın əsasını təşkil edən mühüm sahə kimi qiymətləndirir, müəllim əməyinə, gənc nəslin bilikli, geniş dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişməsinə xüsusi əhəmiyyət verirdi.
Şagirdlərin diqqətinə çatdırılıb ki, müasir dövrdə gənclərin qarşısında duran başlıca vəzifələrdən biri keyfiyyətli təhsil almaqla yanaşı, milli-mənəvi dəyərlərə sadiq qalmaq, tarixi irsi qorumaq və əldə etdikləri bilikləri ölkənin tərəqqisi naminə səfərbər etməkdir. Bu baxımdan, şagirdlərin intellektual inkişafının dəstəklənməsi, onların fəal vətəndaş mövqeyinə malik, təşəbbüskar və məsuliyyətli şəxsiyyətlər kimi formalaşması mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.






