Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
10 may 2025 | 16:00
Qusar rayonunda fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
8, 9, 10 may tarixlərində rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət olunaraq, dahi şəxsiyyətin xatirəsi anılmışdır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzi və klub filialları tərəfindən “Unudulmaz lider”, “Ulu Öndərimiz”, “Dahi şəxsiyyət”, “Əbədiyaşar lider”, mövzularında keçirilən silsilə tədbirlərdə Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında videoçarxlar nümayiş olunmuş, natiqlər tərəfindən çıxışlar edilərək, tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Rayon ümumi təhsil müəssisələrində də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir. Tədbirlərdə şagirdlərə dahi şəxsiyyətin nümunəvi ictimai-siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətləri, milli mənafelər üzərində qurulan təhsil siyasəti haqqında ətraflı məlumat verilmişdir.
Məktəblərdə mövzu ətrafında dəyirmi masa, təşkilat saatları, şagirdlər arasında viktorinalar, şeir və təqdimat müsabiqələri keçirilmişdir. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.






