Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği istiqamətində tədbirlər davam etdirilir

23 oktyabr 2026 | 18:10
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması istiqamətində Qusar rayonunda maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə Qusar Peşə Liseyində “Milli-mənəvi dəyərlərin qorunması: Heydər Əliyev irsində gəncliyin yeri” və Qusar şəhər 3 saylı tam orta ümumtəhsil məktəbində “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev irsi” mövzularında tədbirlər keçirilib.
Qusar Peşə Liseyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərsləri çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Heydər Əliyevin dövlətçilik fəaliyyətini, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxışlar zamanı ana dilinin, milli tariximizin, mədəni irsimizin və azərbaycançılıq məfkurəsinin qorunmasının dövlətçilik ənənələrinin davamlılığı baxımından əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, gənclərin milli-mənəvi dəyərlərə bağlı, müstəqil düşüncəli, yüksək vətəndaşlıq məsuliyyətinə malik şəxsiyyətlər kimi formalaşması üçün onların tarixi keçmişimiz, dövlətçilik irsimiz və xalqımızın zəngin mədəniyyəti barədə biliklərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 22-də Qusar şəhər 3 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev irsi” mövzusunda çıxış edib. Çıxışda azərbaycançılıq ideologiyasının milli birliyin möhkəmləndirilməsində, xalqımızın tarixi-mədəni irsinin qorunmasında və müstəqil dövlətçilik düşüncəsinin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasında milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, tarixi yaddaşın yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm yer tutduğu vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyev irsinin öyrənilməsi yalnız tarixi şəxsiyyətin fəaliyyətinin mənimsənilməsi ilə məhdudlaşmır, həm də müasir Azərbaycan dövlətçiliyinin əsaslarını və gələcək nəsillər qarşısında dayanan vəzifələri dərk etmək baxımından əhəmiyyətlidir.
Keçidlər