Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği prioritet məsələdir
04 noyabr 2026 | 18:06
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, çoxşaxəli dövlətçilik fəaliyyətinin və milli inkişaf strategiyasının öyrənilməsi gənc nəslin tarixi yaddaşının, dövlətçilik düşüncəsinin və vətəndaşlıq mövqeyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu irsin məktəblilərə sistemli şəkildə çatdırılması, onların Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətin fəaliyyəti ilə yaxından tanış edilməsi məqsədilə Qusar rayonunun ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti belə tədbir noyabrın 3-də Piral kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Görüş zamanı şagirdlərə Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi islahatlar, hər iki hakimiyyəti dövründə Azərbaycanın inkişafı və müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və milli maraqlara əsaslanan siyasəti Azərbaycanın müasir dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Onun ölkənin gələcək inkişafını təmin edən strateji qərarları, milli maraqların qorunmasına yönəlmiş fəaliyyəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu gün də öz aktuallığını qoruyur. Bu baxımdan, gənc nəslin Ulu Öndərin həyat və fəaliyyətini, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərini dərindən öyrənməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə Heydər Əliyevin gənclərin təhsilinə və intellektual inkişafına verdiyi önəm ayrıca diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndər savadlı, geniş dünyagörüşlü və yüksək ixtisaslı gənclərin yetişdirilməsini ölkənin gələcəyinin əsas şərtlərindən biri hesab edib. Onun təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün geniş imkanlar yaradılması, təhsil müəssisələrinin inkişafına göstərilən diqqət, təhsil ictimaiyyəti ilə müntəzəm görüşlərin təşkili bu siyasətin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.
Qeyd olunub ki, müasir dövrdə gənclərin üzərinə düşən əsas vəzifələrdən biri keyfiyyətli təhsil almaq, bilik və bacarıqlarını daim inkişaf etdirmək, milli-mənəvi dəyərlərə sadiq qalmaqla ölkənin ictimai, elmi həyatında fəal iştirak etməkdir.






