Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir
08 may 2025 | 18:10
Qusar rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Əvvəlcə Qusar şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, dahi şəxsiyyətin xatirəsi yad edilmişdir.
8 may 2025-ci il tarixdə Qusar Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə Ulu Öndərin şərəfli həyat yolu, xalqın və dövlətinin rifahı naminə misilsiz xidmətləri haqqında geniş tərkibdə çıxışlar edilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev çıxışında bildirib ki, Azərbaycan tarixində müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən ümummilli lider Heydər Əliyev Azərbaycanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirməyə nail olmuşdur. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoyaraq, müasir Azərbaycanın möhkəm təməlini inşa etmişdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev və digər natiqlər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan, dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu ideologiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıblar.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.