Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər müntəzəm xarakter daşıyır
09 iyun 2026 | 18:30
Qusar rayonunun Əniq kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin növbəti görüşü keçirilib. Səmimi şəraitdə keçən görüşdə qazilər şagirdlərlə öz həyat və döyüş təcrübələrini bölüşərək, Vətən uğrunda aparılan mübarizənin məsuliyyətindən, qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Məktəblilər qonaqlara onları maraqlandıran müxtəlif suallar ünvanlayıblar.
Çıxış edənlər bildiriblər ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsi və qəhrəmanlarımızın şərəfli döyüş yolunun öyrənilməsinə xidmət edən belə maarifləndirici görüşlərin davamlı olaraq keçirilməsi zəruridir.
Şagirdlər ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə, müharibə iştirakçıları və qazilərimizə ehtiramlarını ifadə edərək onların həyat yolunu özləri üçün nümunə hesab etdiklərini vurğulayıblar.
Sonda məktəbin hərbi müəllimi Nəsurullayev Ramin Məhəmmədzahi oğlu şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində və maarifləndirmə işində fəal iştirakına görə fəxri fərmanla təltif edilib.






