Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi davamlı xarakter daşıyır
24 oktyabr 2026 | 11:57
Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev irsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə azərbaycançılıq ideologiyasının müstəqil Azərbaycan dövlətinin ideya əsaslarının möhkəmləndirilməsində, milli maraqların qorunmasında və cəmiyyətin həmrəyliyinin təmin olunmasında oynadığı roldan bəhs edilib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində milli dövlətçilik məfkurəsinin inkişafı, xalqın tarixi-mədəni irsinin qorunması və milli özünüdərkin gücləndirilməsi mühüm yer tutub. Onun müəyyənləşdirdiyi dövlətçilik xətti azərbaycançılıq ideyasının ümummilli məna daşıyan birləşdirici prinsip kimi möhkəmlənməsinə zəmin yaradıb.
Mövzu ətrafında çıxışlarda Heydər Əliyev irsinin yalnız tarixi-siyasi əhəmiyyəti deyil, həm də müasir gəncliyin vətəndaşlıq mövqeyinin müəyyənləşməsinə təsiri diqqətə çatdırılıb. Bildirilib ki, milli mənsubiyyət şüurunun inkişafı, ana dilinə və dövlət rəmzlərinə ehtiram, xalqın keçmişinə və mədəni irsinə bələd olmaq gənc nəslin mənəvi yetkinliyinin mühüm göstəriciləridir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






