Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi mütəmadi xarakter daşıyır-2026
13 may 2026 | 18:39
Qusar rayonunda gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşması məqsədilə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində silsilə tədbirlər təşkil olunur.
Mayın 12-də Qusar rayonunun Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin Vətən müharibəsi iştirakçıları və hərbçilərlə görüşü təşkil olunub. Tədbiri giriş sözü ilə açan məktəb rəhbəri bildirib ki, gənc nəslin öz tarixini dərindən bilməsi, qəhrəmanlarını tanıması və dövlətçilik ənənələrinə sadiq ruhda yetişməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Belə maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin milli ruhda tərbiyəsində və vətəndaşlıq məsuliyyətinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsi iştirakçıları şagirdlərlə öz döyüş xatirələrini bölüşüb, qazanılan Şanlı Zəfərin əhəmiyyətindən danışıb, gənclərə dövlətimizə sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Sonda məktəbin hərbi rəhbəri Nurlan Şahvar oğlu Seyidov şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsindəki nümunəvi fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.






