Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

03 fevral 2026 | 17:37
Fevralın 3-də Qusar rayonunun Çiləgir kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, məktəbin direktoru Fərid Eldarov mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı ciddi təhlükələr ətraflı şəkildə izah olunub, xüsusilə yeniyetmə və gənclərin bu cür zərərli ideologiyaların təsir dairəsinə düşmə riskinə diqqət çəkilib. Qeyd edilib ki, müasir dövrdə informasiya axınının sürətlənməsi, müxtəlif təbliğat üsulları gəncləri yanlış istiqamətlərə yönəldə bilər. Natiqlər vurğulayıblar ki, milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə, hüquqi maarifləndirmə gənclərin radikal çağırışlara qarşı dayanıqlığını artırır. Sağlam düşüncə tərzinin formalaşdırılması, analitik və tənqidi təfəkkürün inkişafı yeniyetmələrin hər hansı ideoloji təsiri obyektiv qiymətləndirməsinə və düzgün nəticə çıxarmasına imkan yaradır. Eyni zamanda bildirilib ki, ailə və məktəb arasında sıx əməkdaşlıq bu istiqamətdə həlledici rol oynayır. Valideyn nəzarəti, təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi, şagirdlərlə mütəmadi ünsiyyət radikal təsirlərin qarşısının alınmasında mühüm amillərdəndir.
Tədbir çərçivəsində şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub.
Keçidlər