Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin müharibə iştirakçıları və hərbçilərlə növbəti görüşü baş tutub
19 may 2026 | 18:44
Qusar rayonunda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə rayonun ümumtəhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici görüşlər, tədbirlər təşkil olunur.
Mayın 18-də Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin müharibə iştirakçıları ilə görüşü keçirilib. Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları və hərbçilər şagirdlərlə səmimi söhbət edərək döyüş xatirələrini bölüşüblər. Qeyd ediblər ki, müasir dövrdə gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılıb. Onların sözlərinə görə, gənclərin üzərinə düşən əsas vəzifə keyfiyyətli təhsil almaq, peşəkar bilik və bacarıqlara yiyələnmək, gələcəkdə öz peşə fəaliyyətləri ilə ölkəmizin inkişafına layiqli töhfə verməkdir.
Şagirdlər qonaqlara onları maraqlandıran müxtəlif suallar ünvanlayıblar. Həmçinin, hərbi təlim-tədris çərçivəsində əldə etdikləri biliklərə əsasən təhlükəsizlik qaydalarına uyğun şəkildə silahların sökülüb-yığılması prosesini praktiki olaraq yerinə yetiriblər.
Tədbirin yekununda məktəbin hərbi rəhbəri Roman Murtuzayev peşəkar fəaliyyətinə və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə fəxri fərmanla təltif olunub.






