Ümumtəhsil müəssisələrinin şagirdlərinin Vətən müharibəsi iştirakçıları ilə görüşləri davam etdirilir
14 oktyabr 2026 | 17:28
Gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və vətənpərvərlik ruhunda yetişdirilməsi təhsil və tərbiyə prosesinin mühüm istiqamətlərindəndir.
Oktyabrın 14-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əvəcük kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçılarının məktəbin şagirdləri ilə görüşü keçirilib. Görüşdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Turab Allahverdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, qazilər və məktəbin şagirdləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizə, Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və əldə olunan tarixi Zəfərin əhəmiyyəti barədə məlumat verilib.
Görüş zamanı qazilər Vətən müharibəsində keçdikləri döyüş yolu haqqında şagirdlərə məlumat veriblər. Onlar gəncləri Vətəni sevməyə, milli-mənəvi dəyərlərimizi qorumağa, dövlətimizin müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşmağa, tariximizi dərindən öyrənməyə çağırıblar. Qeyd edilib ki, Azərbaycanın müasir tarixində mühüm yer tutan Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və qazilərimizin qəhrəmanlıq nümunələrinin təbliği hər bir gəncin vətəndaşlıq mövqeyinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə məktəblərdə təşkil olunan görüşlər şagirdlərin tarixi hadisələrə dair biliklərinin zənginləşdirilməsinə, milli özünüdərkin gücləndirilməsinə xidmət edir.
Tədbirin sonunda şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə Əvəcük kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbərinə fəxri fərman təqdim edilib.






