Urva bələdiyyəsinin 2025-ci ilin yekunları üzrə hesabat yığıncağı keçirilib
26 yanvar 2026 | 18:22
Yanvarın 26-da Urva bələdiyyəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, bələdiyyənin əhatə etdiyi 12 kəndin sakinləri, həmin kəndlərdə fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncağda Urva bələdiyyəsinin 2025-ci il ərzində gördüyü işlər, vergi yığımlarının icra vəziyyəti və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə bələdiyyə tərəfindən əhatə olunan 12 kənd üzrə sosial-iqtisadi inkişafın təmin olunması, infrastrukturun yaxşılaşdırılması və yerli əhəmiyyətli məsələlərin həlli, həmçinin bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə vergi və ödənişlərin yığımı istiqamətində ardıcıl tədbirlər görülüb.
Hesabat yığıncağında torpaq vergisi, əmlak vergisi və digər yerli ödənişlər üzrə yığımın həcmi, hər bir vergi növü üzrə daxilolmaların məbləği açıqlanıb. Vergi yığımlarının şəffaf və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığı vurğulanıb. Həmçinin əhalinin təklif və müraciətləri əsasında formalaşdırılan 2026-cı il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib. Urva bələdiyyəsi tərəfindən qarşıdakı ildə kəndlərdə abadlıq işlərinin davam etdirilməsi, sosial və infrastruktur layihələrinin genişləndirilməsi, bələdiyyə-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi qeyd edilib, sakinlərin təklif və rəyləri dinlənilib, bələdiyyə fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.






