Urva kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirilib
11 iyun 2025 | 18:10
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində hüquqi maarifləndirmənin gücləndirilməsi, Konstitusiya dəyərlərinin təbliği, vətəndaşların hüquq və azadlıqları barədə məlumatlandırılması, eləcə də gənc nəslin dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsi istiqamətində təşkil olunan maarifləndirici görüşlər hüquqi savadlılığın yüksəldilməsinə, Konstitusiya və dövlətçilik dəyərlərinin cəmiyyətə daha dərindən aşılanmasına, gənclərdə hüquq və azadlıqlar barədə düzgün təsəvvürlərin formalaşdırılmasına xidmət edir.
11 iyun 2025-ci il tarixdə Qusar rayonu Urva kənd tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi mahiyyəti, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında konstitusion müddəaların önəmi və hüquqi dövlət quruculuğunun əsas prinsipləri ilə bağlı müzakirələr aparılmış, şagirdlərə ətraflı məlumat verilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Qusar 1 saylı Mediasiya Təşkilatının direktoru Radik Kazımov, Urva kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zeynal Əsgərov nitqlərində bildiriblər ki, Azərbaycan Respublikasının Konstitusiyası demokratik idarəçiliyin, hüquqi dövlət quruculuğunun və insan hüquq və azadlıqlarının təmin olunmasının başlıca təminatıdır. Konstitusiyanın müddəaları hər bir vətəndaş üçün hüquqi yol xəritəsi olmaqla yanaşı, cəmiyyətin bütün təbəqələrinin rifahına xidmət edən hüquqi mexanizmləri də müəyyənləşdirir.
Sonda məktəblilərin sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında geniş izahlar verilib, fikir mübadiləsi aparılıb.