Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Urva və Çiləgir kəndlərində səyyar vətəndaş qəbulları keçirilib

10 fevral 2026 | 09:06
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Urva və Çiləgir kəndlərində sakinlərlə görüşüb. Səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə rəhbərləri və kəndlərin sakinləri iştirak etmişdir.
Səyyar qəbullardan əvvəl rayon rəhbərliyi tərəfindən Urva və Çiləgir kəndlərində şəhidlərin xatirə guşələri ziyarət edilmişdir.
Səyyar qəbulların başlanğıcında Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbullar zamanı kənd sakinləri tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılmışdır. Urva kəndində keçirilən səyyar qəbulda sakinlər kəndin əsas yolunun təmiri, istismara yararsız elektrik xətlərinin yenilənməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin elektrik enerjisinin verilişində fasilələrin yaranması, yay aylarında içməli suyun azlığı, örüş sahələrinin zəbt olunması, yeni salınmış məhəlləyə ana qaz xəttinin çəkilməməsi kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer almışdır.
Çiləgir kənd sakinlərinin müraciətləri sırasında yay aylarında içməli suyun azlığı, istismar müddətini başa vurmuş köhnə elektrik dirəklərinin yenilənməsi, Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində yol hərəkəti nişanlarının quraşdırılması, qəbiristanlıq üçün əlavə torpaq sahəsinin ayrılması kimi məsələlər yer alıb. Həmçinin kənd stadionunun yerləşdiyi torpaq sahəsinin örüş sahəsi kimi qeydiyyata alınması səbəbindən sənədləşmə prosesində çətinliklərin yarandığı qeyd edilib.
Səyyar qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub. Bildirilib ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Urva kəndində keçirilən səyyar qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonumuzu müxtəlif yarışlarda layiqincə təmsil edən, uğurları ilə seçilən “Qusar-2” voleybol komandasının kollektivi ilə görüşüb. Görüş zamanı komandanın məşqçi heyəti və oyunçularla səmimi söhbət aparılıb, əldə olunan nailiyyətlər, komandanın fəaliyyəti və qarşıdakı dövr üçün planları barədə ətraflı məlumat verilib. Rayon rəhbəri idmanın inkişafının vacibliyini vurğulayaraq gənclərə gələcək yarışlarda uğurlar arzulayıb. Sonda voleybol komandası tərəfindən rayon icra hakimiyyətinin başçısına xatirə olaraq idman köynəyi hədiyyə edilib. Daha sonra rayon rəhbəri Urva kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə olub. Təmir-tikinti istiqaməti və aşbazlıq ixtisası üzrə təhsil alan şagirdlərlə görüşüb. Şagirdlərlə həmsöhbət olan icra başçısı onların təhsil göstəriciləri, peşə hazırlığının səviyyəsi və tədris prosesi ilə maraqlanıb, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişafının əhəmiyyətini qeyd edib.
Keçidlər