“Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
02 noyabr 2026 | 17:30
Noyabrın 2-də Qusar rayonunun Aşağı Ləgər kəndində Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
“Uşaq hüquqları aylığı” (20 oktyabr-20 noyabr) çərçivəsində keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar rayonu Aşağı Ləgər kənd tam orta məktəbinin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, uşaq hüquqları – hər bir uşağın doğulduğu andan malik olduğu əsas insan hüquqlarıdır. Bu hüquqlar BMT-nin Uşaq Hüquqları Konvensiyasında əks olunmuşdur. Bütün uşaqlar irqindən, cinsindən, dilindən, fiziki və ya zehni vəziyyətindən, sosial mənşəyindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Məlumat verilib ki, hər kəs peşə fəaliyyətini həyata keçirdiyi zaman uşaqların mənafeyini üstün tutmalı, uşaqlarla bağlı məlumatların yayılmasına həssas yanaşmalı, onların hüquqlarının pozulmasına şərait yaratmamalıdır. Qeyd olunub ki, sağlam və ədalətli cəmiyyətin qurulması üçün bütün uşaqların bərabər imkanlarla təmin olunması və inklüzivliyin təşviqi vacibdir. Bu, təkcə dövlətin deyil, həm də məktəbin, ailənin və hər birimizin üzərinə düşən məsuliyyətdir.
Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.






