Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda Sülhün Yeni Səhifəsi

09 avqust 2025 | 11:24
 
2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində imzalanan Bəyannamə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında uzun illər davam edən münaqişə dövrünün geridə qalması, regionda sabitliyin, qarşılıqlı hörmətin və dinc qonşuluq münasibətlərinin bərqərar olması istiqamətində tarixi əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirilir. Bəyannamədə təsbit olunmuş müddəalar, beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusən də BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmətin, güc tətbiq etməklə ərazi əldə olunmasının yolverilməzliyinin bir daha təsdiqidir. Sənəddə vurğulanan “təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq reallıqlar” ifadəsi, post-münaqişə dövründə revanşizm cəhdlərinin qarşısının alınması, gələcəkdə isə qarşılıqlı etimadın və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından mühüm siyasi siqnal kimi çıxış edir.
Vaşinqton Bəyannaməsi, Cənubi Qafqaz regionunda yeni siyasi reallıqların tanınması və tərəflərin bu reallıqlar əsasında qarşılıqlı əməkdaşlığa başlaması üçün möhkəm hüquqi-siyasi baza yaradır. Sənədin mahiyyətində yalnız hərbi-siyasi gərginliyin aradan qaldırılması deyil, həm də uzunmüddətli perspektivdə siyasi sabitliyin təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və region xalqları arasında etimadın bərqərar olması kimi strateji məqsədlər dayanır.
Bəyannamədə xüsusi olaraq ABŞ Prezidenti Donald Trampın vasitəçilik missiyasına verilən yüksək qiymət, Vaşinqtonun bölgədə sülh prosesinə verdiyi töhfənin beynəlxalq miqyasda tanınması kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda formalaşmış yeni geosiyasi mənzərəni qəbul etdiyini göstərir. ABŞ-ın ev sahibliyi və vasitəçiliyi, tərəflər arasında dialoqun institusional səviyyədə davamlılığını təmin edəcək mühüm platforma kimi çıxış edir və bu prosesin regional sabitlik üçün dayanıqlı mexanizmə çevrilməsinə şərait yaradır.
Vaşinqton Bəyannaməsinin imzalanması, yalnız iki dövlət arasında düşmənçiliyin sona çatması deyil, həm də regionun təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcıdır. Bu sənədin tam və ardıcıl icrası, gələcəkdə Azərbaycan və Ermənistan arasında siyasi etimadın möhkəmlənməsinə, iqtisadi və sosial əlaqələrin bərpasına, həmçinin Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə geniş imkanlar açacaq. Tarixi təcrübə göstərir ki, belə fundamental sənədlər yalnız tərəflərin iradəsi və qarşılıqlı öhdəliklərinə sadiqliyi şəraitində real nəticələr verir. Bu baxımdan, Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda davamlı sülhün qurulması, qarşılıqlı hörmətin təmin olunması və gələcək nəsillər üçün sabit və təhlükəsiz regional mühitin yaradılması istiqamətində dönüş nöqtəsi kimi tarixə düşəcək.
Keçidlər