Vətən müharibəsi qəhrəmanı mayor Renat Güləmməd oğlu Şixnəbiyev ilə görüş keçirilib
13 aprel 2025 | 12:17
Sentyabrın 27-də erməni separatçılarının Azərbaycan torpaqlarına hücumuna layiqincə cavab verən Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Vətən müharibəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi Qusardan da yüzlərlə gənc könüllü olaraq Milli Ordu sıralarına cəlb olunmuşdur. Bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərərək həlak olan şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi böyük zəfərlə başa çatdı. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibədə xüsusilə fərqlənən əsgər və zabitlərimizi, ölümündən sonra Şəhid olan igid oğullarımızı Vətənin Ali mükafatları ilə təltif etmişdir. Onların sırasında Qusarlı hərbçi mayor Renat Güləmməd oğlu Şixnəbiyev də var. O “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Şixnəbiyev Renat Güləmməd oğlu 1990-cı il dekabr ayının 31-də Qusar rayonunun Balaqusar kəndində anadan olub. 2008-ci ildə Balaqusar kənd tam orta məktəbindən məzun olub, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2012-ci ildə “Leytenant” rütbəsi alan Renat Şixnəbiyev Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində “xüsusi təyinatlı” ixtisası üzrə təhsilini davam etdirib, 2021-ci ildə tabor komandirinin müavini vəzifəsinə təyin olunub.
Ardıcıl olaraq “baş leytenant”, “kapitan”, “mayor” rütbələrinə layiq görülən cəsur döyüşçümüz Ordumuzun yaranmasının “95 illik yubiley” medalı, “100 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə”, “Şuşanın azad olunması”, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” medalları ilə, eləcə də ən yüksək ali mükafat olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.
Aprelin 12-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə mayor Renat Şixnəbiyevlə şagirdlərin görüşü baş tutmuşdur. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin, hərbçilərimizin keçdiyi şərəfli döyüş yolundan, xalqımızın vətənpərvərliyindən, Vətən müharibəsi dövründə ön və arxa cəbhədəki birlik və fədəkarlıqdan bəhs edən Vətən müharibəsi qəhrəmanı və Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turab Allahverdiyev və digər çıxışçılar gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini qeyd ediblər.
Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.
Görüşün sonunda xatirə şəkili çəkdirilib. Görüşdən sonra Milli Qəhrəman Fəxrəddin Musayevin anım günü ilə əlaqədar olaraq onun Qusar şəhərində yerləşən xatirə lövhəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.