Vətən müharibəsi şəhidi Turac Həmzəyevin anım mərasimi keçirilmişdir
14 oktyabr 2026 | 17:26
Oktyabrın 14-də Vətən müharibəsi şəhidi Həmzəyev Turac Suliddin oğlunun anım günü ilə əlaqədar Qusar rayonunun Hiloba kəndində məzarı ziyarət olunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
1998-ci ilin iyulun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olmuş Turac Həmzəyev Azərbaycan Ordusunun əsgəri kimi Vətən müharibəsində iştirak etmişdir. O, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yetirərək şəhid olmuş hərbi qulluqçu Turac Həmzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






