Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
27 dekabr 2024 | 17:34
Şəhidlik ən uca zirvə, vətənpərvərliyin ən ali məqamıdır. Bu zirvəni fəth edənlərin ömürləri ölümsüzlükləri ilə ölçülür. Doğma Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini daim uca tutmaq, adlarını əbədiləşdirmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhidlərimizin xatirəsi Qusarda da hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailə üzvlərinə daim diqqət və qayğı göstərilir.
Dekabrın 27-də Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov II Qarabağ müharibəsində şəhadətə ucalan əsgərimiz Salmanov Razik Telman oğlunun Qusar rayonunun Gündüzqala kəndində keçirilən anım tədbirində iştirak edib. Tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi sonsuz ehtiramla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları şəhidin doğulub boya-başa çatdığı evində verilən ehsan süfrəsində iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Ordusunun əsgəri olmuş Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş, dekabrın 27-də doğulduğu Qusar rayonunun Gündüzqala kəndində dəfn edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!