Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
07 oktyabr 2026 | 14:27
Oktyabrın 6-da Qusar rayonunun Həsənqala və Ukur kəndlərində Vətən müharibəsi şəhidləri İsmayılov Orxan Qədim oğlu və Əlimuradov Orxan Roman oğlunun şəhadətə ucalmalarının ildönümü ilə əlaqədar məzarları ziyarət edilmiş, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilmişdir.
Şəhid Orxan İsmayılov 1990-cı ilin sentyabrın 24-də Qusar rayonunun Həsənqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Orxan İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid Orxan İsmayılov oktyabrın 6-da doğulduğu Həsənqala kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Orxan İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhid Əlimuradov Orxan Roman oğlu 1993-cü ilin yanvarın 11-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Orxan Əlimuradov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
Şəhid Orxan Əlimuradov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü” medalı, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Oktyabrın 6-sı Vətən müharibəsi şəhidi Elnur Pirseyidovun da şəhadətə ucalmasının ildönümüdür. Şəhid Pirseyidov Elnur Nasir oğlu 1993-cü ilin noyabrın 25-də Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun giziri olmuş Elnur Pirseyidov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olmuşdur. Noyabrın 29-da rayonun Avaran kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Elnur Pirseyidov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






