Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
15 yanvar 2025 | 16:14
Yanvarın 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilatların rəhbərləri 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Afik Namiq oğlunun Qusar rayonunun Böyük Muruq kəndində keçirilən anım tədbirində iştirak edib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunularaq xatirəsi ehtiramla yad edilib. Məktəb şagirdlərinin şəhidlərimizə həsr olunmuş şeirləri dinlənilib. Daha sonra şəhidin doğulub boya-başa çatdığı evində verilən ehsan süfrəsində iştirak edilib, ailəsinə dərin hüznlə başsağlığı verilib.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Həsənov Afik Namiq oğlu II Qarabağ müharibəsi zamanı Murovdağ müharibəsi döyüşlərinin gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda medal”, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Yanvarın 14-də Böyük Muruq kəndində 12 dekabr 1988-ci il tarixdə Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında baş verən təyyarə qəzası nəticəsində həlak olan Seyidov Qeysəddin Ağamirzə oğlunun da məzarı ziyarət olunaraq xatirəsi yad edilib.
Yanvarın 15-də 44 günlük Vətən müharibəsi şəhidi Arazov İkraməddin Qüdrət oğlunun anım mərasimi keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH-nin məsul işçiləri, idarə, müəssisə rəhbərləri tərəfindən rayonun Urva kəndində şəhid Arazov İkraməddin Qüdrət oğlunun, o cümlədən digər Vətən müharibəsi şəhidləri Əlimuradov Cumart Şixrəhim oğlu, Ələskərov Vadim Ağaba oğlu, Ərzumanov Arif Saiddin oğlu, Ağamalıyev Rasim Dünyaməddin oğlunun məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunulub. Daha sonra şəhid Arazov İkraməddin Qüdrət oğlunun ailəsi ziyarət olunaraq evində ehsan süfrəsində iştirak edilib.
Şəhid Arazov İkraməddin Qüdrət oğlu oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə medalı”, “Laçının azad olunmasına görə medalı” ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!