Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilmişdir

07 yanvar 2026 | 18:10
 
Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 44 günlük Vətən müharibəsi lider-ordu-xalq birliyini, xalqımızın mübarizə ruhunu bütün dünyaya nümayiş etdirmişdir. Bu mübarizədə tarixi qələbənin əldə olunmasında Azərbaycan Ordusunun igid əsgər və zabitləri, şəhidlərimiz və qazilərimiz misilsiz şücaət nümayiş etdirmişlər.
Yanvarın 7-də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış igid Vətən oğulları – şəhid Rail Arif oğlu Ramazanovun və şəhid Sarvan Əliməhəmməd oğlu Şahbazovun anım mərasimləri keçirilmişdir. Rayonun Hil və Gündüzqala kəndlərində şəhidlərin məzarları ziyarət edilmiş, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidlərin ailə üzvləri ilə əlaqə saxlayaraq, başsağlığı vermiş, onların qayğıları ilə maraqlanmışdır.
Şəhid MAXE Ramazanov Rail Arif oğlu 15 aprel 1997-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olmuşdur. Yanvarın 7-də doğulub boya-başa çatdığı Hil kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid MAXE Şahbazov Sarvan Əliməhəmməd oğlu 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Sarvan Şahbazov 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sarvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər