Vətən müharibəsi zamanı şəhid olmuş İlyas Niftəliyevin xatirəsi yad edilmişdir
17 oktyabr 2025 | 18:10
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər. Oktyabrın 17-də belə igid Vətən oğullarımızdan olan şəhid İlyas Güloğlan oğlu Niftəliyevin anım mərasimi keçirilmişdir. Mərasimdə RİH başçısının Bədirqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhidin ailə üzvləri, şəhid anaları və kənd sakinləri iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, əziz xatirəsi yad edilmişdir.
Şəhid Niftəliyev İlyas Güloğlan oğlu 12 aprel 1999-ci ildə Qusar rayonunun Bədirqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olmuş İlyas Niftəliyev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Oktyabrın 17-də Qusar rayonunun Bədirqala kəndində dəfn olunmuşdur.
Ölümündən sonra Vətən torpaqlarının azadlığı uğrunda misilsiz xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.






