Vətəndaş məmnuniyyəti Qusar Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətidir
09 may 2026 | 18:30
Qusar Rayon İcra Hakimiyyəti vətəndaş məmnuniyyətini əsas götürərək vətəndaşların müraciətlərinə operativ baxılmasını və qaldırılan məsələlərin qanun çərçivəsində həllini fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən edib.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun iştirakı ilə kəndlərdə səyyar qəbullar keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həlli istiqamətində müvafiq tədbirlər görülür. Bununla yanaşı, İcra Hakimiyyətində icra başçısı, şöbə və sektor müdirləri tərəfindən mütəmadi vətəndaş qəbulları təşkil olunur. Qəbullarda qaldırılan hər bir məsələ qeydiyyata alınır, icrası nəzarətə götürülür və nəticəsi barədə vətəndaşlara məlumat verilir.
Mayın 9-da Qusar Rayon İcra Hakimiyyətində meşə ərazisindən torpaq sahəsi almış, lakin həmin ərazidə ev tikintisinə və digər işlərə icazə verilməməsi ilə bağlı narazılıq edən vətəndaşlar icra başçısı tərəfindən qəbul edilib.
Müraciətləri dinləyən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, bu istiqamətdə dövlət səviyyəsində müvafiq işlər aparılır. Məsələ Rayon İcra Hakimiyyətinin də diqqət mərkəzindədir və qanunvericiliyin tələblərinə uyğun həlli üçün zəruri addımlar atılır.
Sakinlər göstərilən diqqət və həssas münasibətə görə razılıqlarını ifadə edərək, rayon rəhbərinə təşəkkürlərini bildiriblər.






