Vətəndaş məmnuniyyətinə yönəlmiş fəaliyyət davam etdirilir
26 yanvar 2026 | 17:04
Vətəndaşların dövlət orqanları ilə əlaqələrinin səmərəli və şəffaf qurulması, vətəndaşlara operativ və keyfiyyətli xidmət göstərilməsi müasir idarəçilik sisteminin əsas prioritetlərindəndir. Qusar rayonunda da bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq RİH başçısı Aparatında onlayn və fərdi qaydada, həmçinin yerlərdə keçirilən səyyar qəbullar bunun bariz nümunəsidir.
Müasir texnologiyaların sürətli inkişafı dövlət idarəetməsində yeni üsulların tətbiqini zəruri edir. Bu baxımdan, onlayn formatda vətəndaş qəbulu son illərdə əhəmiyyətli dərəcədə genişlənmiş və səmərəli idarəetmə praktikası kimi qəbul olunmuşdur. Onlayn qəbulların tətbiqi vətəndaşların müraciətlərinə daha operativ baxılmasını təmin edir, həmçinin resurs və vaxt itkisini minimuma endirir və vətəndaş məmnuniyyətini artırır. Bu xüsusilə uzaq kəndlərdə yaşayan sakinlər üçün böyük üstünlük təşkil edir. Artıq 2024-cü ilin oktyabr ayından başlayaraq Qusar Rayon İcra Hakimiyyətində onlayn qəbul formatı uğurla tədbiq edilir.
Vətəndaşlar Rayon İcra Hakimiyyətinin rəsmi elektron səhifəsi üzərindən elektron qaydada özləri və müraciətlərinin məzmunu haqqında zəruri məlumatları daxil edərək məktub ünvanlayır və qəbula yazılırlar. Qəbula yazılmış vətəndaşlar yaşadıqları inzibati ərazi dairəsi üzrə nümayəndəliyə gələrək oradan birbaşa rayon rəhbəri ilə onlayn görüşür, öz şikayət və təkliflərini bilavasitə rəhbərliyə çatdırmaq imkanı əldə edirlər. Hər həftənin cümə günü keçirilən onlayn vətəndaş qəbullarında rayonun bütün idarə və müəssisələrin rəhbərlərinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı təmin edilir.
Onlayn qəbul formatı ilə yanaşı Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və həssas əhali qrupuna daxil olan digər şəxslərin fərdi qaydada qəbulu həyata keçirilir. Eyni zamanda, hər ay təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, müvafiq idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin də iştirakı ilə icra başçısının yerlərdə səyyar vətəndaş qəbulları keçirilir. Bu qəbullar sakinlərə icra başçısı ilə birbaşa, real ünsiyyət qurmaq imkanı verir. Vətəndaşların müraciət və təklifləri qeydiyyata alınır və həlli istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, son bir il ərzində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən 50 kənddə səyyar vətəndaş qəbulları keçirilib. Bu qəbullarda 5000-ə yaxın vətəndaş iştirak edib, 365 nəfər vətəndaşın müraciəti qeydə alınıb. 509 nəfər vətəndaş onlayn, 48 nəfər isə fərdi qaydada qəbul edilib.






