Vətəndaş məmnunluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır
22 may 2026 | 19:55
Qusar Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, sakinləri narahat edən problemlərin yerində araşdırılması, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılır. Bu məqsədlə rayon rəhbəri tərəfindən yerlərdə səyyar vətəndaş qəbullarının, o cümlədən onlayn və fərdi qəbulların keçirilməsi davam etdirilir.
2026-cı ilin 5 ayı ərzində rayonun 20 kəndində səyyar vətəndaş qəbulu keçirilmiş, həmin qəbullar zamanı ümumilikdə 133 nəfər vətəndaşın müraciəti qeydə alınmışdır. Eyni zamanda, cari ilin 5 ayı ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən onlayn formatda 137 nəfər vətəndaş qəbul edilmiş, həmçinin fərdi qaydada da vətəndaşların müraciətləri dinlənilmişdir.
Cari ilin ilk 5 ayı ərzində ümumilikdə 300 vətəndaş müraciəti qeydə alınmışdır. Müraciətlərin 57-si torpaq məsələləri ilə bağlı olmuşdur. Bu barədə qeydə alınan müraciətlərin bir hissəsini Qusar Bələdiyyəsi tərəfindən həyətyanı sahə kimi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş, sıx meşə ağacları ilə örtülü ərazidə yerləşən torpaq sahələrində tikinti işlərinin aparılmasına icazə verilməməsi ilə bağlı müraciətlər təşkil edir. Sakinlər qeyd olunan məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısının həm onlayn, həm də fərdi qəbullarında olmuşdur. Hazırda bu problemin həlli Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir və tezliklə, qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti qurumlarla birlikdə zəruri addımlar atılır.
2026-cı ilin 5 ayı ərzində qeydə alınan vətəndaş müraciətlərinin 46-sı elektrik təchizatı, 28-i məşğulluq, 25 müraciət yol infrastrukturu, 144 müraciət isə qaz təminatı, su təchizatı, rabitə, maddi yardım, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrlə bağlı olmuşdur.
Müraciətlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülmüş, nəticədə elektrik təchizatı ilə bağlı 14, yol infrastrukturu ilə bağlı 6 məsələ, maddi yardım ilə bağlı 5, qaz təminatı ilə bağlı 3, su təchizatı ilə bağlı 2, səhiyyə və mədəniyyət sahələrinə aid 1, kənd təsərrüfatı sahəsinə aid 2, ünvanlı sosial yardımla bağlı 2 müraciət, 5-i torpaq, 15-i digər məsələlər olmaqla cəmi 55 müraciət öz həllini tapmışdır.
Digər müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun müvafiq izahatlar verilmiş, bəzi müraciətlər qismən icra edilmiş, bir sıra məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. Həmçinin mövcud prosedurlar və obyektiv səbəblərlə əlaqədar olaraq bəzi məsələlərin həlli vaxt tələb etdiyindən həmin məsələlər nəzarətdə saxlanılır.






