Vətəndaş məmnunluğunun təmin edilməsi prioritet istiqamətdir
22 noyabr 2024 | 16:15
Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Qusar rayonunda da bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir. RİH başçısı tərəfindən vaxtaşırı olaraq rayon İcra Hakimiyyəti Başçısı Aparatında və yerlərdə keçirilən görüşlər bunun bariz nümunəsidir. RİH başçısının qəbuluna düşmək üçün vətəndaşların kəndlərdən rayon mərkəzinə üz tutması, bunun üçün müəyyən maliyyənin xərclənməsi, vaxt itkisinə səbəb olması hallarının və bir sıra digər çətinliklərin aradan qaldırılması məqsədilə qəbulların onlayn formatda keçirilməsi davam etdirilir.
21 noyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov RİH Aparatının məsul işçiləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidentinə və digər yuxarı təşkilatlara müraciət etmiş vətəndaşları qəbul edib.
Vətəndaşlar əsasən həyətyanı torpaq sahəsi və mənzillə təmin olunmaları, maddi yardım və fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi barədə müraciət ediblər. Vətəndaşların qaldırdıqları digər məsələlər kənd yollarının asfaltlanması, içməli və suvarma suyu, mavi yanacaqla təminat, ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsi ilə bağlı olub.
RİH başçısı vətəndaşların hər birini ayrılıqda dinləyib. Onlara müvafiq izahatlar verilib, proseslərin gedişatı izah olunub. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb, digər qalan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə müəssisə, təşkilat rəhbərlərinə, İƏD üzrə nümayəndə və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyyələr verilib. Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində işlər aparılır.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya, görüş və qəbullar zamanı qaldırılan problemlərin operativ həlli istiqamətində görülən işlərə görə RİH başçısı Sahir Məmmədxanova öz minnətdarlıqlarını bildiriblər.