Vətəndaşların növbəti səyyar qəbulu Qusar rayonun Ukur kəndində keçirilmişdir
Ukur kəndində keçirilən səyyar qəbulda sakinlər kənddə görülmüş işləri qeyd etməklə yanaşı, onları narahat edən məsələlərdən də söz açmışdır. Sakinlər ilk öncə kəndin qazlaşdırılması, istismara yararsız elektrik və rabitə xətlərinin yeniləri ilə əvəz olunması, çay məcralarından tikinti materialı kimi daş və çınqılın götürülməsi, həmçinin örüş sahələrinin kol-kosdan təmizlənməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq razılığının alınması, taxıl biçini zamanı dağ relyefinə uyğun kombayn texnikası ilə təmin olunması, fermerlərə subsidiyaların ayrılması, yay aylarında yaranan içməli su qıtlığının aradan qaldırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.