Vətəndaşların qəbulunda şəffaflıq məmurla vətəndaş arasında sağlam münasibətlərin əsasını təşkil edir.
Şəffaflıq müasir dövrdə cəmiyyətlə dövlət arasındakı əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Vətəndaş qəbulunda şəffaflığın yaradılması demokratik cəmiyyətlərin əsas prinsiplərindən biridir və dövlət orqanlarının vətəndaşlarla olan münasibətlərinin keyfiyyətini artırır. Vətəndaş qəbulunda şəffaflıq prinsipinə riayət edilməsi, dövlət qurumları ilə vətəndaşlar arasındakı əlaqələrin möhkəmləndirilməsində, ictimai etimadın artırılmasında və məmur-vətəndaş münasibətlərinin sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Şəffaflığın təmin edilməsi, bir tərəfdən dövlət idarələrinin fəaliyyətinin izlənilməsi, digər tərəfdən isə vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacibdir. Şəffaflıq vətəndaşların dövlətə olan etibarını artırmaqla yanaşı, qarşılaşdıqları neqativ hallarla mübarizədə də əhəmiyyətli rol oynayır. Vətəndaş qəbulunda məmurların vətəndaşların müraciətlərinə açıq, ədalətli və qərəzsiz yanaşması vacib şərtlərdən biridir.
Məhz qeyd olunan amillər əsas tutularaq son bir ay ərzində Qusar Rayon İcra Hakimiyyətində vətəndaşların qəbul proseslərində yeniliklər tətbiq olunur. Əhalinin harada yaşamasından asılı olmayaraq onların RİH başçısının, eləcə də İcra Haimiyyətinin digər vəzifəli şəxslərinin qəbuluna yazılmasının əlçatanlığını təmin etmək üçün elektron resurslardan istifadə geniş şəkildə təşviq olunur. Vətəndaşların Rayon İcra Hakimiyyətinin rəsmi elektron səhifəsində yaradılmış “Elektron qəbula yazılma” bölməsi üzərindən qəbula yazılması üçün əhali arasında məlumatlandırma, izahat işləri aparılır. Görülən işlərin və vətəndaşlar üçün yaradılmış şəraitin nəticəsi olaraq son günlər ərzində RİH başçısının hər həftənin cümə günü nəzərdə tutulmuş rəsmi qəbuluna, eləcə də avqust ayının 8-nə dək kəndlərdə keçirilən səyyar qəbullara yazılan vətəndaşların sayı artmışdır. Belə ki, 2024-cü il iyul ayının 8-dən avqust ayının 16-na dək keçirilmiş 5 rəsmi qəbul zamanı 168 nəfər vətəndaş qəbul edilmiş, 6 səyyar qəbul zamanı isə 410 nəfər vətəndaşla görüş keçirilmiş, 41 nəfər vətəndaş tərəfindən müxtəlif mövzulu məsələlər qalrılmışdır. Vətəndaş qəbulları ilə bağlı tətbiq edilən yeniliklərdən biri də qəbullarda aidiyyəti xidmət təşkilatlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin də iştirakının təmin olunmasıdır. Belə tərkibdə qəbulların keçirilməsi əhali tərəfindən qaldırılan məsələlərin bir çoxunun yerindəcə həllinə, məsələlərə qanuni münasibətin bildirilməsinə, zəruri, operativ tədbirlərin görülməsinə şərait yaratmaqla bərabər vətəndaş məmnunluğunun təmin edilməsinə də öz təsirini göstərir.
Rayon İcra Hakimiyyətində keçirilən növbəti qəbul zamanı RİH başçısı Sahir Məmmədxanov vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi, vətəndaşların dövlət qurumlarına və xidmətlərə əlçatanlığının təmin edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması üçün aidiyyəti strurkturların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş və bu məsələləri daima şəsxi nəzarətində saxlayacağını bildirmişdir.