Voleybol idman növü üzrə Qusar rayon turniri keçirilib
21 dekabr 2025 | 23:06
20-21 dekabr tarixlərində Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun əziz xatirəsinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol idman növü üzrə Qusar rayon turniri keçirilmişdir.
Turnirdən əvvəl Qusar şəhər Şəhidlər Xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət edilmiş, məzarı önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Qusar Olimpiya İdman Kompleksində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Milli Qəhrəman Çingiz Qurbanovun valideynləri, Azərbaycan cüdo idmanının inkişafında əvəzsiz xidmətləri olan əməkdar məşqçi Əhməddin Rəcəbli və idman ictimaiyyətinin nümayəndələri, yarışın iştirakçıları iştirak ediblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Urva kənd tam orta məktəbini təmsil edən komanda I, Qusar şəhər 2 saylı tam orta məktəbi təmsil edən komanda II, Zindanmuruq kənd tam orta məktəbini təmsil edən komanda III yerdə qərarlaşıblar.
Sonda qalib komandalar diplom və medallarla təltif olunublar.






