Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev-Xocalı soyqırımının tanıdılmasının əsas təşəbbüskarı" adlı anım tədbiri.
Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev-Xocalı soyqırımının tanıdılmasının əsas təşəbbüskarı" adlı anım tədbiri keçirildi. Tədbirdə rayonun idarələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Öncə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxışçılar qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi Fərman verib, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb. Daha sonra- "Qan yaddaşımız", "Xocalıya ədalət" mövzularında növbəti çıxışlar dinlənildi, bir daha xalqımızın bu faciələri unutmadığı və bu torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığı vurğulandı.
Sonda mərkəzin foyesində Xocalı soyqırımı ilə əlaqədar Qusar Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunmuş “Soyqırım” adlı rəsm sərgiyə baxış keçirildi.