Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

26 fevral 2026 | 18:44
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına ən dəhşətli və faciəli səhifələrdən biri kimi həkk olunmuşdur. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, faciəyə beynəlxalq hüquq müstəvisində obyektiv qiymətin verilməsi və gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qusar rayonunda silsilə anım tədbirləri keçirilmişdir.
Fevralın 25-də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qusar Rayon Heydər Əliyev Mərkəzində “Xocalı – Qanla yazılan tarix” adlı anım tədbiri, Rayon Mədəniyyət Mərkəzində “Əsrin faciəsi – Xocalı soyqırımı” adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Tədbirlərdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirlərdə iştirakçılara 1992-ci ilin fevral hadisələri barədə ətraflı məlumat verilmiş, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin miqyası faktlarla diqqətə çatdırılmışdır. Çıxışlarda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi, faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl siyasət, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Sonda Xocalı faciəsi ilə əlaqədar tarixi faktları əks etdirən sənədli film, videoçarx nümayiş etdirilmiş, şagirdlər tərəfindən Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilmişdir.
Fevralın 24-də Qusar Rayon Mərkəzi Kitabxanasında “Xocalı – Tarixin unudulmayan faciəsi” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmiş, gənclərə tarixi həqiqətlərin çatdırılması və tarixi yaddaşın yaşadılması məqsədilə geniş maarifləndirici çıxışlar edilmişdir. İştirakçılara faciənin mahiyyəti, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verilmişdir. Tədbir çərçivəsində Xocalı faciəsinə dair kitab və foto-materiallardan ibarət sərgi təşkil olunmuş, Xocalı soyqırımı həqiqətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Fevralın 23-də Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun Köhnə Xudat kənd tam orta məktəbinin 8-ci sinif şagirdləri üçün “Tarixin qanlı faciəsi – Xocalı soyqırımı” adlı tarix dərsi keçirilmişdir. Şagirdlər üçün muzeydə ekskursiya təşkil edilmiş, “Xocalı soyqırımının tarixi səbəbləri”, “Faciənin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi” və “Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” mövzularında mühazirələr oxunmuşdur. Sonda mövzu ətrafında diskussiya aparılmış, şagirdlərin sualları cavablandırılmışdır.
Fevralın 25-də Qusar Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş sərgi təşkil edilmiş, Qusar Peşə Liseyində “Xocalı-Yaddaşımızda yaşayan faciə” adlı anım tədbiri keçirilmişdir. Həmçinin ümumtəhsil müəssisələrində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri, təşkilat saatları, rəsm sərgiləri təşkil edilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Şagirdlərə Xocalı soyqırımı hadisələrinin xronologiyası faktlar əsasında izah edilmişdir.
Keçidlər