Yaşıl dünya naminə həmrəy olaq!
18 oktyabr 2024 | 09:01
Yaşıllığa, meşələrə mənfi təsirlər insana qarşı yönəlmiş ən ağır müharibədir. Son illərdə respublikamızda təbiətin mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Bu sahədə irimiqyaslı işlər görülür. Ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın 2030-cu ilə qədər 5 milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması istiqamətində tədbirlər geniş vüsət alıb.
Oktyabrın 17-də Qusar şəhərində, Quba-Qusar, Qusar-Əniq-Ləzə, Qusar-Köhnə Xudat-Həzrə, Qusar-Balaqusar-Qalacıq-25-ci dairə-Xudat, Qusar-Gədəzeyxur-İmamqulukənd-Quxuroba, Həzrə-Yuxarı Zeyxur-Samur, Həzrə-Mucuq-Əcəxur-Düztahir, Həzrə-Gilah-Yuxarı Qələnxur-Yuxarı Tahircal, Samur-Şirvanlı-Gilahoba, Quxuroba-Şirvanlı, Qusar-Avaran-Xürəl, Qusar-Aşağı Ləgər magistral yollarının kənarlarında Rayon İcra Hakimiyyəti tərəfindən “Gələcəyimiz üçün hərəmiz bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası və iməcilik keçirilib. Cəmi 42,4 hektar sahədə 10860 ağac və kol əkilib. Onlardan 2700-Çinar, 1120-Eldar şamı, 1000-Tuya, 1000-Qoz, 500-Şabalıd, 1000-Fındıq, 1000-Fısdıq, 1000-Vələs 1540-ı isə digər ağacların payına düşür.
Ağacların əkilməsi ilə yanaşı, ərazilərdə təmizlik-abadlıq işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və təbiətə töhfə verməkdir. Bu cür aksiyaların mütəmadi olaraq təşkili ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırmağa və onları ekoloji problemlərə qarşı mübarizədə səfərbər olmağa səsləməyə xidmət edir.
Rayonda keçirilən ağacəkmə və iməcilik aksiyasında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sektor müdiri Habil Əzəmmədov iştirak ediblər.