Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
09 iyul 2025 | 18:25
Mədəni irsin qorunması, ədəbiyyatın təbliği və ictimai dəyərlərin formalaşdırılması baxımından yazıçı, ədəbiyyat nümayəndələri ilə keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu cür tədbirlər mütaliə mədəniyyətinin inkişafına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, eyni zamanda tanınmış qələm sahiblərinin həyat və yaradıcılığının daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Qusar rayonunda bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər mədəniyyət sahəsində maarifləndirmə və ictimai fəallığın artırılması baxımından mühüm təşəbbüslər sırasındadır.
8 iyul 2025-ci il tarixində Qusar Rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist, Qarabağ müharibəsinin iştirakçısı, Prezident təqaüdçüsü, geniş oxucu auditoriyası tərəfindən sevilən tanınmış yazıçı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahin Həmidli, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Qusar Rayon Mərkəzi Kitabxanasının müdiri vəzifəsini icra edən Gültəkin Pənahova və kitabxananın kollektivi, rayon mədəniyyət müəssisələrinin rəhbərləri, Qusar Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və kollektivi, yerli yazarlar, Uşaq və Gənclər Birliyinin müəllim və şagirdləri, fəal oxucular iştirak ediblər.
Görüşdə yazıçının əsərləri və yaradıcılıq fəaliyyəti geniş şəkildə müzakirə olunub. Bildirilib ki, müxtəlif tarixi romanların və çoxsaylı hekayələrin müəllifi olan Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti-xətti ilə seçilir və real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının rəğbətini qazanıb. Tədbir iştirakçıları onun qələmə aldığı hekayə və publisistik yazıların ideya-məzmun xüsusiyyətləri, ədəbi dili və ictimai əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, müəllifin xüsusilə tarixi mövzuda yazdığı əsərləri milli ruhun yaşadılması, Vətən sevgisinin aşılanması və mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin gedişatında iştirakçıların sualları cavablandırılıb. Hacı Qəni Camalzadə çıxışında öz yaradıcılığına verilən yüksək dəyərə və ünvanına səsləndirilən səmimi fikirlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, eyni zamanda hazırda üzərində işlədiyi yeni layihələr və gələcək ədəbi planlarını da oxucuları ilə bölüşüb.
Daha sonra Qusar Rayon Mərkəzi Kitabxanasının əməkdaşı tərəfindən yazıçı Hacı Qəni Camalzadəyə onun əllə çəkilmiş portreti hədiyyə edilib. Görüş çay süfrəsi ətrafında davam etdirilib.






